Dekabrın 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının birgə təşkilatçılığı ilə Şah İsmayıl Səfəvinin vəfatının 500 illiyinə həsr olunan iki cilddən ibarət “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qızılbaşlığın Azərbaycan tarixində rolu haqqında sənədli film, daha sonra Şah İsmayıl Səfəvinin süni intellekt proqramı ilə yaradılmış avatarının gələcək nəsillərə müraciət videosu nümayiş etdirilib.
AMEA Tarix və Etnologiya İnstitutunun baş direktoru professor Kərim Şükürov qızılbaşlığın Azərbaycan tarixində və tarixşünaslığında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Professor bu fenomenin Azərbaycan identikliyini geniş şəkildə işıqlandırmaq baxımından daha çox elmi tədqiqatlara ehtiyac olduğunu söyləyib.
Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov ensiklopediyanın hazırlanması prosesi barədə məlumat verib. O bildirib ki, 8 bölümdən və 1001 başlıqdan ibarət olan ensiklopediyada qızılbaş şahları və şeyxləri, Səfəvi xanədanı, qızılbaşlığı təşkil edən türkman tayfaları, Səfəvi dövlətinin daxili və xarici siyasəti, qızılbaş inancı və Səfəvi hərbi-siyasi sistemi, qızılbaşlığın təsiri altında Səfəvi dövründə formalaşmış mədəniyyət, incəsənət və din, qızılbaşlıq haqda tarixi mənbələrlə bağlı məlumatlar öz əksini tapıb. Elçin Əsgərov qızılbaşlığın məhz azərbaycanlıların yaratdığı tarixi miras olduğunu xüsusi vurğulayıb.
Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov gələcəyə qalibiyyətlə getmək üçün tarixi dəyər və ənənələrə bağlı olmağın, milli kimliyimizin vacib məqamlarını yaşatmağın əhəmiyyətini qeyd ediblər. Qonaqlar ensiklopediya ilə bağlı öz təəssüratlarını, qızılbaşlığın Azərbaycanın dövlətçilik tarixində milli kimliyinin formalaşmasında və mədəni intibahında rolu haqda düşüncələrini bölüşüblər.