“Karvan History” tarixsevərlər tərəfindən maraq kəsb edəcəyini nəzərə alaraq fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin əlyazmalara dair yazısını təqdim edir:
Əlyazma əsərlər milli sərvətimizdir! Gəlin, onları qoruyaq!
Bu yaxınlarda tanımadığım bir şəxs mənə yaxınlaşaraq şəxsi kitabxanasında ulu babasından miras qalmış üç yüzə yaxın ərəb, fars və əski əlifba ilə Azərbaycan türkcəsində yazılmış əlyazma əsərlərin olduğunu, lakin bu kitabların müəllifləri və nə haqda yazılması barəsində onda heç bir məlumatın olmadığını qeyd etdi.
Söhbət əsnasında məni evinə dəvət edərək, bu əlyazma əsərləri oxuyub müəyyənləşdirməyimi xahiş etdi. Düzdür, vaxtım məhdud olduğu üçün ilk əvvəl bu cağrışa cavab verə bilməsəm də, bir neçə dəfə israr etdikdən sonra dəvəti qəbul edib həmin şəxsin evinə baş çəkdim.
Həqiqətən, qeyd etdiyi kimi kitabxanada 278 ədəd üç dildə müxtəlif mövzuları əhatə edən fəlsəfə, məntiq, ərəb dili qrammatikası, teologiya, tarix və sairə elm sahələrində yazılmış çox böyük tarixi əhəmiyyətə malik əlyazma əsərlər var idi.
Əlyazma əsərlərin müayinəsi və müəyyənləşdirilməsi düz yeddi saat vaxtımı alsa da buna dəyərdi. Çünki bu əsərlərin içərisində çox qiymətli informativ məlumatlar var idi.
Çox maraqlı məqam ondan ibarətdir ki, əlyazma əsərlərdən bir neçəsi müəllif nüsxəsi idi, yəni əsər müəllifin öz dəsti-xətti ilə yazılmışdı. Bu da həmin əlyazmanın dəyərini artıran mühüm amillərdən biridir.
Digər tərəfdən, əlyazma əsərlərin mütləq əksəriyyətinin sonunda müəlliflərin, katib və müstənsixlərin, o cümlədən əsərin yazıldığı yer və məkan adlarının, həmçinin yazılma tarixnin qeyd edilməsi vətən tarixinin öyrənilməsi, dövrün alimləri, bundan əlavə toponim, oykonim kimi vacib informasiyaların müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, şəxsi kitabxanada qorunan əsərlərin fiziki vəziyyəti çox yaxşı halda idi. Çünki əlyazma əsərlər keyfiyyətli kağız parçalarının üzərində keyfiyyətli mürəkkəblərlə yazıldığı üçün dövrümüzə çox yaxşı vəziyyətdə gəlib çatmışdı. Əsərlərin yazılma tarixinə gəlincə isə təxminən beş yüz ildən yüz ilə qədər dəyişirdi.
Aşağıda vətən tarixinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edən həmin əlyazma əsərlərdən biri ilə sizi tanış etmək istəyirəm.
Şəkildə əlyazma əsərlərdən birinin ilk və son səhifəsini yerləşdirirəm:
İlk səhifədə ərəb dilində çox gözəl və qalın xətlə bu sözlər yazılmışdır:
“هذا كتاب وافية شرح شافية اخت كافية
مما كتبه العبد الحقير المحتاج الى الله تعالى اسماعيل بن ملا فضل علي”
Tərcümə: “Bu kitab “Vafiyət-u şərh-i şafiyət-i uxt-i kafiyə” əsəridir”. Belə ki, kitabı həqir və uca Allaha möhtac bəndə İsmayıl Molla Fəzləli oğlu yazmışdır”.
Kitab klassik ərəb dilinin morfologiya (sərf) və sintaksisindən (nəhv) bəhs edən unikal və akademik bir əsərdir.
Əlyazma əsərin sonunda yazılmış məlumatlar isə daha mühüm və əhəmiyyətlidir:
“قد وقع الفراغ من تسويد هذه النسخة الشريفة المسماة بالوافية شرح الشافية في علم الحرف الشريف على يد الحقير الفقير الغريق في بحار العصيان المستغيث لأخذ العلم من العلوم الربانية اسماعيل ابن العالم ملا فضل علي ابن الحاج الحرمين الشريفين حاج اسماعيل الكلدغي الساكن في قرية داش آقل في وقت الفجر من يوم الثلثاء في الثالث و العشرين من شهر الله المبارك شهر ربيع الآخر في قرية كلدك في مدرسة مولانا و اولانا رجب أفندي رضي الله عنه في تاريخ الف و ماتان و تسعة و ثلثون في سنة ١٢٣٩”
Tərcümə: “Ərəb dili elminə dair “Vafiyə-tu şərh-i Şafiyə” adlı bu mübarək nüsxə Daşağıl kəndinin sakini həqir, möhtac və günah dənizində boğulan, ilahi elmləri öyrənməklə xilas olmaq istəyən İsmayıl ibn alim Molla Fəzləli ibn (iki müqəddəs hərəmi, Məkkə və Mədinəni ziyarət etmiş) Hacı İsmayıl Kəldəki tərəfindən sübh vaxtı çərşənbə axşamı, mübarək Rəbiül-axir ayının 23-də Kəldək kəndində, mövlamız və rəhbərimiz Rəcəb Əfəndinin (Allah ondan razı olsun) mədrəsəsində min iki yüz otuz doqquzuncu ildə qələmə alınmışdır”.
Bu məlumat löhvəsində çox əhəmiyyətli informasiyalar əks olunmuşdur. Əvvəlcə qeyd etmək lazımdır ki, əlyazma nüsxə hicri-qəməri 23 rəbiül-axir 1293-cü ildə, miladi tarixlə 18 may 1876-cı ildə yazılmışdır.
Maraqlı məsələ bundan ibarətdir ki, informasiyalarda dövrünün tanınmış alimlərinin adları, toponimlər əks olunmuş və bir mədrəsə haqqında məlumat qeyd edilmişdir. Belə ki, Daşağıl kəndi Oğuz rayonunun inzibati ərazi vahidinə, Kəldək kəndi isə Şəki rayonunun inzibati ərazi vahidinə daxildir. O cümlədən aydın olur ki, XIX əsrdə Kəldək kəndində Rəcəb Əfəndinin mədrəsəsi fəaliyyət göstərmiş, həmçinin həmin regionda İsmayıl Kəldəki, Molla Fəzləli kimi ailmlər yaşamışlar…
PS: Bu cür əlyazmaların aidiyyatı dövlət orqanları tərəfindən müəyyən edilməsi, qorunması, mühafizəsi, həmçinin tədiqiqi və nəşri xalqımızın elmi, mədəni, ictimai-dini və siyasi proseslərinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Çünki bunların hamısı babalarımızdan bizə qalmış mirasdır, bu mirası qorumaq və növbəti nəsillərə ötürmək hər bir vətəndaş üçün vacibdir…