AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Yardımlı arxeoloji ekspedisiyası” İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadənin rəhbərliyi altında Yardımlı rayonundakı tunc-ilk dəmir dövrü abidələrində arxeoloji qazıntılar aparılıb.

İnstitutdan APA-ya verilən xəbərə görə, qazıntı işləri əsasən rayonun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilib. Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılmış arxeoloji qazıntılar zamanı ilk tunc dövrünə aid qəbir abidələri üzə çıxarılıb. Komanı kurqanlarından birində aparılmış arxeoloji qazıntılar zamanı sol yanı üstə, az bükülü vəziyyətdə üzü cənub-qərb istiqamətində dəfn edilmiş insan skeleti aşkar olunub. Skeletin yanından tapılmış 1 ədəd sümükdən iy başlığı əmək aləti olmaqla, ipəyirmə sənətində istifadə edilmiş əşyadır. Komanı yaylaqlarında əvvəlki illərlə birlikdə 4 kurqanın qazıntısı başa çatdırılıb. Bu kurqanlar dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir.

Rayonun Alar kəndi yaxınlığında Sarıbulaq yaylağında aparılmış arxeoloji qazıntılar zamanı son tunc-ilk dəmir dövrünə aid maddi mədəniyyət nümunələri əldə edilib. Məlum olub ki, Sarıbulaq abidələri əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla boş xatirat (kenotaf) qəbirləridir. Bu kurqanlar dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.